1 iyun tarixində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi (Baku Energy Week) öz işinə başlayıb
1 iyun tarixində Bakı Ekspo Mərkəzində üç mühüm tədbiri birləşdirən “Bakı Enerji Həftəsi”nə (Baku Energy Week) start verildi: 31-ci Beynəlxalq “Xəzərin Neft və Qazı” sərgisi (Caspian Oil and Gas), 14-cü Xəzər Beynəlxalq “Təmiz Enerji” sərgisi (Caspian Power) və 31-ci Bakı Enerji Forumu. Eyni zamanda, Bakı Enerji Həftəsi çərçivəsində 23-cü Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi — TransLogistica Caspian da keçirilir.
Bakı Enerji Həftəsinin ən mühüm hadisəsi Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsi -nin rəsmi açılış mərasimində etdiyi çıxış oldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın qlobal neft strategiyası ölkənin müstəqillik tarixində mühüm mərhələ hesab olunan və yeni müstəqil dövlətin beynəlxalq nüfuzunun formalaşmasında əhəmiyyətli rol oynamış “Əsrin müqaviləsi” ilə ayrılmaz şəkildə bağlıdır. Bu möhtəşəm hadisənin tarixi və beynəlxalq əhəmiyyətini qeyd edən Prezident sərgi iştirakçılarını təbrik edərək, Bakı Enerji Həftəsi -nin təşkili və inkişafında əməyi olan hər kəsə uğurlar arzuladı.
Daha sonra ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin sərgi iştirakçılarına ünvanladıqları təbrik məktubları səsləndirildi.
Bakı Enerji Həftəsinin açılış mərasimində ABŞ Dövlət Katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi cənab Keyleb Orr, Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Böyük Britaniyanın Şərqi Avraopa və Mərkəzi Asiya üzrə Ticarət Komissarı Devid Rid, Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru xanım Kristina Lobillo Borrero, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi cənab Robert Mşelbila və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru çıxış etdilər.
Bu il “Bakı Enerji Həftəsi”ndə dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiqləyib ki, onların da 35%-ni yeni şirkətlər təşkil edir. İştirakçıların təxminən 60%-i xarici şirkətləri təmsil edir ki, bu da beynəlxalq əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir.
